9 C
Baku
Monday, December 29, 2025

BP: İndiyədək “Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

İndiyədək Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağındakı “Qərbi Azəri” platformasından 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib.

Bu barədə AÇG yatağının işlənməsi layihəsinin operatoru olan “BP-Azerbaijan” şirkətindən bildirilib.

Məlumata görə, sabah “Qərbi Azəri” platformasından ilk neft hasilatının 20 ili tamam olur. Bu, nəhəng AÇG yatağının işlənməsində əlamətdar hadisədir. 1 milyard bareldən çox neftin hasil edilməsi göstəricisi ilə “Qərbi Azəri” AÇG platformaları arasında “Mərkəzi Azəri” platformasından sonra ikinci yerdədir.

O vaxtdan “Qərbi Azəri” AÇG-nin hasilat salnaməsinin aparıcılarından biridir. Bununla da Qərbi Azəri 1997-ci ilin noyabrında hasilata başlamış AÇG yatağından 4,5 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.

“Qərbi Azəri”dən ilk hasilat 30 dekabr 2005-ci il tarixində əldə olunmuş və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası başlanmışdı. İlk neft əvvəlcədən qazılmış üç öncə qazma quyusunun birincisindən hasil olunaraq sualtı boru kəməri vasitəsilə 4 yanvar 2006-cı il tarixində Sangaçal terminalına çatmışdı. “Qərbi Azəri” hazırda da təhlükəsiz və etibarlı şəkildə öz fəaliyyətini davam etdirir. 2025-ci ilin üçüncü rübünün sonuna platformadan gündəlik orta hasilat 76 min barel təşkil edib.

“Qərbi Azəri” obyektlərinə 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış platforması və qurudakı Səngəçal terminalına birləşdirilmiş 30 düymlük sualtı boru kəməri daxildir. Hazırda platformada təxminən 170 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri Azərbaycanlı mütəxəssislərdir.

İndiyədək platformadan ümumilikdə 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 32 quyudan 24-ü hasilat quyusu, 8-i isə suvurma quyusudur.

“Qərbi Azəri” platformasının meneceri Emin İbrahimov bildirib ki, platforma ailəsi olaraq, AÇG-nin ən yüksək göstəricilərə malik qurğularından birini idarə etməkdən qürur duyulur: “Geriyə nəzər salsaq, xatırlayarıq ki, 2005-ci ildə işə salınmış birinci quyularımızdan olan C-06 quyusu ilk dövrlərdə gündəlik 35 000 barel neft verib və dünyanın ən məhsuldar quyularından biri olub. İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub və bu, istənilən neft quyusu üçün müstəsna bir nailiyyətdir. Bu tarixi ildönümü münasibətilə bütün “Qərbi Azəri” komandasını ürəkdən təbrik edirəm və bir daha vurğulamaq istəyirəm ki, “Qərbi Azəri” dünya səviyyəli platforma olaraq hələ gələcək onilliklər ərzində də AÇG-nin uğur hekayəsinə, eləcə də Azərbaycanın neft sənayesinə mühüm töhfələr verməkdə davam edəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər