“British Petrolium” (BP) 2030-cu ilə qədər neft və qaz hasilatını azaltmaq məqsədindən imtina etdiyini açıqlayıb. Bu, şirkətin CEO-su Mürrey Auçinklossun investorların inamını bərpa etmək üçün şirkətin yaşıl enerji strategiyasını yenidən nəzərdən keçirməyə qərar verməsi ilə əlaqəli olub.
Bu strategiya 2020-ci ildə açıqlanıb və neft hasilatını 40% azaltmaq, 2030-cu ilə qədər bərpa olunan enerjini inkişaf etdirmək kimi vədlərlə sənayedə ən iddialı planlardan biri hesab olunub.
Mənbələrin verdiyi məlumata görə, BP hazırda neft və qaz hasilatını artırmaq üçün Yaxın Şərq və Meksika körfəzinə investisiya etməyi planlaşdırır.
Yanvar ayında rəhbər vəzifəsinə gələn Auçinkloss BP-nin səhmlərinin ucuzlaşmasının qarşısını almaqda çətinliklərlə üzləşib. O, gəlirə diqqət yetirəcəyini və biznesin ən gəlirli sahələrinə, ilk növbədə neft və qaza sərmayə qoyacağını vəd edib.
Auçinkloss 2030-cu il hasilat hədəfinin ləğvi də daxil olmaqla yenilənmiş strategiyanı fevral ayında təqdim edəcək, baxmayaraq ki. BP-nin yeni hasilat proqnozları verib-verməyəcəyi bəlli deyil.
Qeyd edək ki, BP-nin rəqibi olan “Shell” də bərpa olunan enerji aktivlərini satdıqdan və külək, bioyanacaq və hidrogen kimi layihələri ixtisar etdikdən sonra yaşıl enerjiyə keçid strategiyasını yavaşladıb.
Hər iki şirkətdəki dəyişiklik qiymət artımından sonra Avropanın enerji təhlükəsizliyinə diqqətin artması fonunda baş verir. BP 2020-ci ildən bəri aşağı karbonlu bizneslərə milyardlarla sərmayə qoyub, eyni zamanda neft və qaz kəşfiyyatı qrupunu əhəmiyyətli dərəcədə ixtisar edib. Bununla belə, təchizat zənciri problemləri və artan xərclər bir çox layihələrin gəlirliliyinə təzyiqi artırıb.