13 C
Baku
Saturday, November 16, 2024

BP Kərkükdə neft və qaz yataqlarının işlənməsinə dair İraqla müqavilə imzalayıb

Britaniyanın enerji nəhəngi “British Petroleum” (BP) Kərkük əyalətinin şimalında dörd neft və qaz yatağının işlənməsinə dair İraq hökuməti ilə anlaşma Memorandumu imzalayıb.

Sənəd İraqın neft naziri Hayan Abdel Qəni və BP-nin icraçı baş direktoru Mürrey Aukinklos tərəfindən imzalanıb.

Memorandum İraqın Şimali Neft Şirkətinə məxsus olan dörd neft yatağının: Kərkük, Bayi Həsən, Cambur və Xabbazın bərpası və işlənməsini ehtiva edir.

İraq Baş nazirinin ofisinin yaydığı məlumatda deyilir: “Bu təşəbbüs hökumətin neft hasilatını, qaz və günəş enerjisi investisiyalarını artırmaq məqsədi daşıyan perspektivli enerji imkanlarına optimal şəkildə investisiya cəlb etmək səylərinin bir hissəsidir”.

BP İraqın neft sektorunda ən böyük xarici sərmayədarlardan biridir. Bu ölkədə neft hasilatı hələ 1920-ci illərdə Britaniya tərəfindən həyata keçirilib.

Dünya Bankının məlumatına görə, İraqın 145 milyard barel sübut edilmiş neft ehtiyatı var ki, bu da dünyada ən böyük resurslardan biri sayılır və indiki templə 96 illik hasilatı təmin edir. Amma İraq öz xammal ehtiyatlarını 160 milyard bareldən çox artırmaq üçün yataqların kəşfiyyatını davam etdirməyi hədəfləyir.

Böyük neft ehtiyatlarına baxmayaraq, Bağdad İraqın elektrik enerjisi istehsalı üçün mühüm təchizatçı olan qonşu İrandan idxal asılılığını azaltmağa kömək etmək məqsədilə təbii qaz hasilatını artırmağa ümid edir. Baş nazir Sudani İraqda xüsusilə yay aylarında elektrik enerjisi qıtlığını aradan qaldırmaq üçün enerji mənbələrinin diversifikasiyasının vacibliyini dəfələrlə vurğulayıb.

İran qazından asılılığı azaltmaq məqsədilə Bağdad İordaniya və Türkiyədən elektrik enerjisi idxal etməyə başlayıb və bu ilin sonunda Körfəz ölkələrinin elektrik şəbəkəsinə qoşulmağa ümid edir.

Son xəbərlər
Digər xəbərlər