5 C
Baku
Wednesday, February 21, 2024

BP-nin vitse-prezidenti: 2030-cu ilə qədər peşə siyahısı 85% yenilənəcək

2030-cü ilə qədər dünyada hələlik mövcud olmayan 85% peşə olacaq. Banker.az bildirir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strateji məsələlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“Proqnozlara əsasən, müasir texnologiyaların sürətli inkişafı 2030-cü ildə dünyada bu gün mövcud olmayan peşələrin meydana gəlməsinə səbəb olacaq”, – B.Aslanbəyli çərşənbə axşamı I Milli Layihə Menecmenti Forumunda bildirib.

Onun sözlərinə görə, gələcəkdə əmək bazarının tələbatının təmin olunması məqsədilə bu gün müasir beynəlxalq standartların tətbiqi ilə tədris səviyyəsini təkmilləşdirmək lazımdır. “Əvvəl uğurlu karyera üçün bir ali təhsilə yiyələnmək kifayət olurdu. Bizim nəsilə ali məktəbdə təhsili bitirdikdən 10-15 il sonra ikinci təhsil almaq lazım olur. Bu gün isə tələbələr artıq bir və ya iki ildən sonra əlavə biliklərə yiyələnmək barədə düşünürlər”, – BP-nin vitse-prezidenti qeyd edib.

B.Aslanbəyli vurğulayıb ki, müasir texnologiyaların mövcud sürətli inkişaf dinamikası zəruri peşəkar biliklərin əldə olunması məqsədilə davamlı təhsil prosesini tələb edir. “Yeni peşələr də rəqəmsal texnologiyalarla əlaqədar olacaq. Bu səbəbdən, artıq bu gün bazarın inkişafı üzrə yeni tendensiyalara və peşəkar bacarıqlara uyğunlaşma nöqteyi-nəzərindən çevik olmaq zəruridir”, – o qeyd edib.

İnterfaks Azərbaycandan

Son xəbərlər
Digər xəbərlər