Xəzərin Azərbaycan hissəsində yerləşən “Şahdəniz” qaz-kondensat yatağının inkişaf etdirilməsi çərçivəsində layihənin operatoru olan Britaniyanın BP şirkəti gələn ilin birinci rübündə yataqda kəşfiyyat quyusunun qazılmasına başlamağı planlaşdırır.
Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.
Onun sözlərinə görə, quyu “Caspian Drillinq Company”nin (CDC) idarəçiliyində olan Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçiriləcək. Bunun üçün tərəflər arasında artıq müvafiq müqavilə imzalanıb və qazma qurğusu artıq 10 gündür BP-nin ixtiyarındadır.
“Hazırda qazma işlərinin başlanılması üçün qurğuda müvafiq səfərbərlik və hazırlıq işləri aparılır”, – Qəri Counz vurğulayıb.
O qeyd edib ki, quyu “Şahdəniz” yatağında Fasilə məhsuldar lay dəstinin altına qazılacaq və əlavə məlumatların əldə edilməsi üçün imkan yaradacaq.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi SOCAR və beynəlxalq şirkətlərin konsorsiumu arasında 4 iyun 1996-cı il tarixində imzalanıb. Yataq Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 70 kilometr cənub şərqdə yerləşir. Layihədə BP (operator – 29.99%), LUKOIL (19.99%), TPAO (19%), SOCAR (14.35%), NICO (10%) və SGC (6.67%) şirkətləri iştirak edir.