13 C
Baku
Saturday, November 16, 2024

BP “Şahdəniz”də gündəlik hasilatı 72 milyon kubmetr səviyyəsində saxlamağı planlaşdırır

Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında gündəlik təxminən 72 milyon kubmetr qaz hasil olunur və bu səviyyəni bir neçə il ərzində saxlamağı planlaşdırılır.

Bu barədə BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli CBC TV-yə müsahibəsində bildirilib.

Onun sözlərinə görə, yeni layihələr hesabına bu səviyyəni bir neçə il ərzində saxlamağı çalışılacaq.

B. Aslanbəyli bildirib ki, 2023-cü ilin yekunlarına əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında 26 milyard kubmetr qaz və 4 milyon ton kondensat hasil edilib: “Şirkət yataqdan təbii qaz hasilatını fantastik səviyyədə olan istehsal göstəricisi ilə davam edir. Bizim əməliyyatların məhsuldarlığı 100% təşkil edir. Bu, hazırda imkanların faktiki olaraq maksimum həddidir, yəni qaz ehtiyatları hasilatının pik həddinə çatmışıq”.

O əlavə edib ki, hazırda “Şahdəniz” yatağının şərq cinahında SDX-8 kəşfiyyat quyusunun qazılması üzrə məlumatların izahı ilə bağlı işlər aparılır. “Artıq izahın nəticələrinə əsasən “Şahdəniz” yatağının dərin qatlarındakı qazın həcmi barədə fikir bildirmək mümkün olacaq. Hazırda bizim və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri həcm və bu resursların necə ixrac olunması planları haqqında ümumi məxrəcə gəlmək üçün müxtəlif ssenariləri öyrənirlər”.

Xatırladaq ki, “SDX-8” kəşfiyyat quyunun qazılmasına ötən ilin yanvarında başlanılıb. “SDX-8” quyusu “Heydər Əliyev” adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qurğu bu quyunun “Şahdəniz” yatağının şərq cinahında yerləşən qazma ərazisinə 2022-ci ilin dekabr ayında gətirilib.

“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29.99%), “Lukoil” (19.99%), TPAO (19%), NİKO (10%), “Cənub Qaz Dəhlizi” (21.02%).

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər