Britaniyanın neft-qaz şirkəti BP Şimal dənizindəki hasilat bölməsini satışa çıxardığını açıqlayıb. Şirkət bunu portfelindəki əsas aktivlərə fokuslanmaq və kapitalı gəlirlilik baxımından daha perspektivli layihələrə yönəltmək istəyi ilə izah edib.
BP-nin Şimal dənizində gündəlik ümumilikdə 100 min barelə yaxın neft və qaz hasil edən beş yatağı var. Bu aktivlərdə təxminən 1,1 min nəfər çalışır.
Financial Times qəzetinin qeyd etdiyi kimi, planlaşdırılan satış “neft nəhənginin Şimal dənizində 60 ildən artıq davam edən hasilat fəaliyyətinə son qoyacaq”.
FT yazır ki, BP bu aktivləri satmaq niyyətini rəsmi şəkildə elan etməzdən əvvəl ilin əvvəlində digər Britaniya enerji şirkəti Ithaca Energy ilə danışıqlar aparıb. Lakin təxminən 2 milyard funt sterlinq (2,7 milyard dollar) dəyərində qiymətləndirilən mümkün razılaşma üzrə danışıqlar nəticəsiz başa çatıb.







