Böyük Britaniyanın enerji şirkəti BP və ABŞ-ın “Microsoft” korporasiyası enerji sistemlərinin rəqəmsal transformasiyası və karbon izinin azaldılmasına dair əməkdaşlığa başladıqlarını elan ediblər.
TASS xəbər verir ki, bu barədə BP-nin yaydığı məlumatında deyilir.
“Tərəfdaşlığa rəqəmsal həllərin inkişafı, “Microsoft Azure”un BP-nin infrastrukturu üçün bulud xidməti kimi istifadəsinə davam edilməsi və “Microsoft”un 2025-ci ilədək bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hədəflərinə çatmasına kömək etmək üçün BP tərəfindən bərpa olunan enerji təchizatına istiqamətlənən birgə innovativ səylər daxildir” , – məlumatda deyilir.
Şirkətlər həmçinin istehlakçıların ev enerjisindən istifadəni idarə etmək üzrə imkanlarını genişləndirmək üçün innovativ üsulların öyrənilməsi ilə məşğul olacaqlar. Bundan əlavə, karbon dioksid emissiyalarını azaltmaq yolları araşdırılacaq və BP-nin istehsalat obyektlərini modernləşdirmək üçün Əşyalar İnterneti (IoT) sahəsində həllər hazırlanacaq.
BP-dən qeyd ediblər ki, hər iki şirkət üçün aşağı karbonlu energetika daha geniş davamlı inkişafın gündəminin bir hissəsidir və şirkətlər bu sahədəki əməkdaşlığı zamanla gücləndirmək niyyətindədir.
Qeyd edək ki, BP daha əvvəl 2050-ci ilə qədər sıfır tullantılı şirkət olmaq niyyətini elan edib. Bu onilliyin sonuna qədər şirkət təxminən 50 gigavatt təmiz yenilənə bilən istehsal gücü yaratmağı, az karbonlu energetikaya illik yatırımını 10 qat artıraraq 5 milyard ABŞ dollarına çardırmağı və neft-qaz hasilatını 40% azaltmağı planlaşdırır. “Microsoft” isə yanvarda 2030-cu ilə qədər karbon tullantılarını tamamilə azaltmaq məqsədini elan edib.