®PAŞA Holding-in törəmə şirkətlərindən olan “Bravo” Supermarketlər Şəbəkəsinin nümayəndələri 1-2 iyul 2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid ailələri ilə görüşlər keçirilib.
Səfərin ilk günündə Naxçıvan Şəhid Xiyabanı ziyarət olunub və Vətən uğrunda qəhrəmancasına canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib. Daha sonra Naxçıvanda yaşayan şəhid ailələrini birləşdirən ictimai təşkilat rəhbərləri ilə, həmçinin Naxçıvan Qazilər Birliyi ilə görüş keçirilib.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında yaşayan 2016-cı ilin Aprel döyüşləri şəhidi leytenant Qabil Orucəliyev, Vətən Müharibəsi şəhidləri mayor Sadiq Həsənov, baş leytenant Sahil Məmmədov, leytenant Fərmin Əliyev, gizir Etibar Cəfərov, kiçik çavuş Tağı Abdullazadə və Antiterror əməliyyatı zamanı şəhid olan baş leytenant İbrahim Qasımovun ailələri ziyarət olunub.
Səfərin ikinci günündə isə Babək rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Günün davamında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüş keçirilib.
Qeyd edək ki, səfər çərçivəsində “Bravo” Supermarketlər Şəbəkəsi tərəfindən hazırlanan sovqatlar “Azərpoçt” MMC-nin dəstəyi ilə Naxçıvanda yaşayan şəhid ailələrinə çatdırılıb.