Braziliyanın mobil bankçılıq tətbiqi PicPay ABŞ-da ilkin ictimai təklif (IPO) zamanı təxminən 500 milyon dollar vəsait cəlb etməyi planlaşdırır. Qeyd edək ki şirkət milyarder Batista ailəsinə məxsus J&F Participacoes investisiya holdinqinin tərkibinə daxildir, . Bu barədə Bloomberg məlumat yayıb.
Məsələyə yaxın mənbələrin bildirdiyinə görə, PicPay bu prosesdə Citigroup Inc., Royal Bank of Canada və Bank of America Corp. ilə əməkdaşlıq edir. Şirkət bu il birjada listinqə çıxmağı hədəfləyir, lakin dəqiq tarix hələlik müəyyən edilməyib. ABŞ hökumətinin fəaliyyətində yaranan fasilələr səbəbindən Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) işi qismən dayandırılsa da, tənzimləyici qurum ötən həftə daha çox şirkətin birjaya çıxışına şərait yaradan yeni tövsiyələr açıqlayıb.
PicPay ilk dəfə 2021-ci ilin aprelində IPO üçün müraciət etmiş və şirkətin dəyərinin 8 milyard dollar səviyyəsində qiymətləndiriləcəyi gözlənilirdi. Lakin bir il sonra, 2022-ci ilin iyununda, şirkət həmin müraciətini geri götürmüşdü.
Hazırda danışıqlar davam edir və mənbələrin sözlərinə görə, həcmi və vaxt cədvəli dəyişə bilər, eyni zamanda prosesə digər maliyyə institutlarının da qoşulması istisna edilmir. PicPay, Citigroup və Bank of America isə bu barədə rəsmi şərh verməkdən imtina ediblər.
2012-ci ildə Braziliyanın Vitoria şəhərində təsis edilən PicPay, rəqəmsal cüzdanlar, ödəniş kartları, kreditlər və investisiya xidmətləri təklif edir. Batista ailəsi — dünyaca məşhur ət sənayesi nəhəngi JBS SA-nın da əsas səhmdarları — şirkətə 2015-ci ildən etibarən sərmayə yatırır.
Maliyyə göstəricilərinə əsasən, PicPay 2024-cü ilin ilk altı ayında 208,4 milyon real (təxminən 38 milyon dollar) xalis mənfəət əldə edib. Eyni dövrdə gəliri 4,5 milyard real təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə (2,4 milyard real gəlir və 61,8 milyon real mənfəət) iki dəfədən çox artım deməkdir.
Şirkətin birjada uğurlu listinqi halında, PicPay Braziliyanın növbəti “unicorn” startaplarından biri kimi dəyərləndirilə bilər.