ICE birjasında “Brent” markalı neftin qiyməti avqust ayından bəri ilk dəfə bir barel üçün 80 dolları ötüb. Bu, Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edir. Mütəxəssislərin fikrincə, İsrail İranın neft infrastrukturuna hücum edərsə, vəziyyət daha da pisləşə bilər.
Keçən həftə “Brent” neftinin qiyməti təxminən 8.5% artaraq 2023-cü ilin yanvarından bəri ən yüksək göstəricisinə çatıb, Banker.az bu barədə ProFinance saytına istinadən xəbər verir.
Neft qiymətlərinə geosiyasətlə yanaşı, spekulyantların son vaxtlar həcmi rekord həddə çatan qısa mövqelərinin geniş miqyasda bağlanması da təsir göstərir. Bəzi bankların ekspertləri hesab edirlər ki, İrandan tədarükdə fasilələr yaranarsa, Brent nefti 90 dollar/barelə qalxa bilər.