ICE birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 110,4 dollara çatıb. Bakı vaxtı ilə saat 02:56-ya olan məlumata görə, artım təxminən 1% təşkil edib.
Brent sonuncu dəfə mayın 4-də keçirilən ticarət zamanı 110 dollardan yuxarı səviyyədə satılmışdı. Həmin vaxt qiymətlər 114 dolları ötmüşdü.
WTI markalı neftin iyun fyuçersləri də bahalaşır. NYMEX birjasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 02:50-də onların qiyməti 107,26 dollar (+1,75%) səviyyəsində olub.
ABŞ Prezidenti Donald Tramp dünən bildirib ki, İranın Vaşinqtonla sülh sazişi bağlamaq imkanının vaxtı azalır. O, İran rəhbərliyi ABŞ-yə daha sərfəli şərtlər təklif etməyəcəyi təqdirdə hücumların yenidən başlanacağı ilə hədələyib. Hörmüz boğazının bağlanmasına və neft qiymətlərinin yüksəlməsinə səbəb olan müharibə çərçivəsində tərəflər arasında atəşkəs aprelin 8-dən qüvvədə qalır.







