Londonun ICE birjasında 2026-cı ilin iyul ayı üzrə Brent neft fyuçerslərinin qiyməti 30 martdan bəri ilk dəfə olaraq bir barel üçün 112 dolları keçib.
Bakı vaxtı ilə saat 16:15-ə olan məlumata görə, Brent fyuçersləri 3,79% bahalaşaraq 112,02 dollar/barel səviyyəsinə yüksəlib.
The Wall Street Journal yazır ki, ABŞ prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası İranın münaqişənin dayandırılması ilə bağlı üç mərhələli planına skeptik yanaşıb.
ABŞ rəsmilərinin sözlərinə görə, Tehran regional vasitəçilərə Hörmüz boğazında gəmilərə hücumların dayandırılması müqabilində müharibənin tam dayandırılmasını nəzərdə tutan yeni təşəbbüs təqdim edib. Bu təşəbbüsə Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ləğvi və nüvə danışıqlarının bərpası da daxildir.
Analitiklərin fikrincə, Hörmüz boğazının beş həftədən çox tam blokadası Brent neftinin qiymətini 150 dollar və daha yuxarı səviyyəyə qaldıra bilər. Mövcud vəziyyətin — məhdud trafik və gəmilərə hücumların — bir neçə ay davam etməsi isə Fars körfəzi ölkələrində neft hasilatının 2026-cı ilin fevral səviyyəsi ilə müqayisədə gündəlik 10 milyon barel azalmasına və qiymətlərin 100 dollar/bareldən yuxarı qalmasına səbəb ola bilər.







