11 C
Baku
Thursday, March 6, 2025

Brent neftinin qiyməti $70-dən aşağı düşüb

Neft qiymətləri çərşənbə günü – 5 martda ardıcıl dördüncü sessiya aşağı düşdü. ABŞ-ın xam neft ehtiyatlarının gözləniləndən daha çox artması, investorların OPEC+ alyabsının aprel ayında hasilatı artırmaq planlarından və ABŞ-ın Kanada, Çin və Meksikaya tətbiq etdiyi tariflərdən narahat olduğu bir vaxtda əlavə təzyiq yaratmaqdadır.

Banker.az xəbər verir ki, Brent markalı neftin qiyməti 1,74 dollar və ya 2,45% azalaraq bir bareli 69,30 dollar olub. ABŞ-ın WTI markalı xam nefti isə 1,95 dollar və ya 2,86% ucuzlaşaraq bir barel üçün 66,31 dollara düşüb.  Qiymətlər sonradan itkinin bir hissəsini bərpa edə bilib.

Qiymətlər sessiyanın əvvəlində çoxillik minimumlara düşdükdən sonra bir qədər itkiləri kompensasiya edib. Brent 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyə olan 68,33 dollara qədər geriləyib, ABŞ xam neftinin fyuçersləri isə 2023-cü ilin mayından bəri ən aşağı səviyyə olan 65.22 dollara düşüb.

ABŞ-ın Ticarət Departamentinin rəhbəri Hovard Latnik “Bloomberg TV”yə verdiyi açıqlamada, Trampın bəzi sahələrə tariflərdən azadolma verilib-verilməyəcəyinə dair son qərarı verəcəyini bildirdikdən sonra qiymətlər bir qədər toparlanıb.

Latnikin sözlərinə görə, Kanada və Meksikaya tətbiq edilən 25%-lik tarif qüvvədə qalacaq. Lakin məsələ ilə tanış olan bir mənbənin məlumatına görə, nəzərdən keçirilən güzəşt çərçivəsində, ABŞ-Meksika-Kanada Sazişinə uyğun qaydalar çərçivəsində idxal edilən Kanadanın enerji məhsulları, o cümlədən xam neft və benzin üçün 10%-lik tarif ləğv edilə bilər. 

Qiymətlərin azalmasına səbəb olan amillərdən biri də ABŞ-ın xam neft ehtiyatlarının ötən həftə mövsümi emal zavodu təmir işləri fonunda gözləniləndən daha çox artmasıdır. Bununla yanaşı, benzin və distillat ehtiyatları ixracın artması səbəbindən azalıb, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bildirib.

EIA-nın məlumatına görə, xam neft ehtiyatları ötən həftə 3,6 milyon barel artaraq 433,8 milyon barelə çatıb ki, bu da Reuters sorğusunda analitiklərin gözləntilərini (341 min barel artım) xeyli üstələyib.

Brent markalı neft bu məlumatların dərcindən sonra 2 dollardan çox ucuzlaşıb.

“ABŞ-ın Çin, Kanada və Meksikaya tətbiq etdiyi tariflər hər üç ölkənin sürətli cavab tədbirləri görməsinə səbəb olub ki, bu da iqtisadi artımın yavaşlaması və nəticə etibarilə enerji tələbatına təsiri ilə bağlı narahatlıqları artırıb,” – deyə “Panmure Liberum”un analitiki Eşli Kelti Reytersə bildirib.

Kanada və Çin çərşənbə axşamı Trampın tariflərinə dərhal cavab verib, Meksikanın prezidenti Klaudia Şeynbaum isə ölkəsinin qarşılıq verəcəyini, lakin detalları açıqlamadığını bildirib.

“JP Morgan” analitikləri qeyd ediblər ki, ABŞ-ın iqtisadi artım tempində 100 baza bəndi yavaşlama qlobal neft tələbatının artımını gündəlik 180 min barel azalda bilər.

OPEC+ qrupu bazar ertəsi günü 2022-ci ildən bəri ilk dəfə hasilatı artırmaq qərarına gəlib, bu da neft qiymətlərinə təzyiq göstərib.

Qrup aprel ayından etibarən gündəlik 138 min barel kiçik artım edəcək ki, bu da ümumi 6 milyon barellik hasilatın tədricən artırılması planının ilk addımıdır. Bu həcmlər qlobal tələbatın təxminən 6%-nə bərabərdir.

“Bazarda müəyyən narahatlıq var ki, OPEC+ qərarı hasilatın daha çox aylıq artımlarla davam etdirilməsinin başlanğıcı ola bilər. Lakin OPEC+ bəyanatında qeyd edir ki, hasilat yalnız bazarın bunu mənimsəyə biləcəyi təqdirdə artırılacaq,” – “UBS” analitiki Covanni Staunovo bildirib.

“Morgan Stanley Research” analitikləri ehtimal edirlər ki, OPEC+ yalnız bir neçə aylıq artımları reallaşdıra bilər və tamamilə hasilat ixtisarlarını ləğv etməyə bilər.

Tramp administrasiyası çərşənbə axşamı həmçinin 2022-ci ildən bəri ABŞ neft şirkəti “Chevron”a Venesuelada fəaliyyət göstərmək və neft ixrac etmək üçün verilmiş lisenziyanı ləğv etdiyini açıqlayıb.

Bu qərar gündəlik 200 min barel neft tədarükünü risk altına qoyur, “ING” əmtəə strategiyaları üzrə analitikləri çərşənbə günü bir qeyddə bildiriblər.

Bu arada, “JP Morgan” analitiklərinin məlumatına görə, keçən ay qlobal neft tələbi orta hesabla gündəlik 103,6 milyon barel təşkil edib ki, bu da ötən illə müqayisədə gündəlik 1,6 milyon barel artım deməkdir. Lakin bu göstərici onların həmin ay üçün proqnozlaşdırdığı gündəlik 1,8 milyon barel artımdan aşağı olub.

Son xəbərlər
Digər xəbərlər