İyulun 23-də Bakı vaxtı ilə saat 13:41-ə olan məlumata görə, Londonun ICE birjasında Brent markalı neftin avqust fyuçersləri 0,61% ucuzlaşaraq bir barel üçün 77,05 dollar təşkil edib.
Həmin vaxt Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyul fyuçersləri də 0,5% azalaraq bir barel üçün 73,49 dollara düşüb.
Neft qiymətləri əvvəlki gün müşahidə olunan enişdən sonra çərşənbə axşamı da mülayim şəkildə aşağı düşməkdə davam edib. İyunun 22-də ABŞ-nin İran nefti ilə əməliyyatlara 60 günlük icazə verməsi xəbərlərindən sonra Brent və WTI markaları üzrə qiymətlər 3%-dən çox geriləmişdi. Bunun fonunda Hörmüz boğazı vasitəsilə xammal daşımalarının həcmi tədricən bərpa olunmağa başlayıb.
İyunun 18-də ABŞ və İran arasında Hörmüz boğazının açılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalanıb. Lakin iyunun 20-də İran İsrailin Livanın cənubuna endirdiyi zərbələrə cavab olaraq dəniz dəhlizini yenidən bağlayıb.
İyunun 22-də ABŞ-nin vitse-prezidenti Cey Di Vens bölgədə gəmiçiliyin tam bərpa olunduğunu bəyan edib. Onun sözlərinə görə, boğazın açılması artıq neft və qaz qiymətlərinə təsir göstərib.







