Brent” markalı xam neftin bir barrelinin qiyməti 2014-cü ildən bu vaxtadək ilk dəfə 80,64 dolları (Baki vaxtı ilə 16:29) keçib.
“Light” markalı xam neftin bir barrelinin qiyməti isə son 4 ilin maksimumuna çataraq yenidən 72 dolları ötüb.
“Qara qızıl”ın qiymətindəki bu sıçrayışa səbəb kimi Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin (OPEC+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) Əlcəzair görüşündə gündəlik hasilatın 1 milyon barrel artırılması üzrə kvotaya baxılmaması göstərilir. İclasdan əvvəl həm Rusiya, həm də Səudiyyə Ərəbistanı rəsmiləri hasilat kvotasının artırılmasının iclasın əsas müzakirə mövzusu olacağını deyib. Bu artımla da ABŞ-ın noyabrdan etibarən İrana qarşı tətbiq edəcəyi sanksiyalar zamanı bazarda yaranacaq neft çatışmazlığının qarşısının alınması nəzərdə tutulurdu.
Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 80,63 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barreli isə 72,01 dollara alıcı axtarır.
Xatırladaq ki, “Brent”in bir barrelinin qiyməti sonuncu dəfə 2014-cü il noyabrın ilk həftəsində 80,5 dollardan baha satılıb.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasına (EIA) görə, cari ildə “Brent”in bir barrelinin orta qiyməti 73 dollar, “Light” neftinin qiyməti isə 67 dollar/barrel olacaq.
©AZƏRTAC