Banker.az saytının Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Londonda ofisləri olan beynəlxalq banklar Böyük Britaniyanın Aİ tərkibindən çıxması ilə bağlı prosesi işə saldıqdan sonra əməkdaşları arasında yaranan çaxnaşmanı yatırmağa çalışır.
Verilən məlumatlara görə, JP Morgan bankı işin davam edilməsi üçün bütün mümkün variantları nəzərdən keçirir. Yaponiya bankı Nomura-nın Britaniya ofisinin əməkdaşlarına isə bildirilib ki, bankın Brexit-ə fəal olaraq hazırlaşmasına baxmayaraq, Avropada yeni iş formatı və ixtisarlar haqqında qərar hələ verilməyib.
Goldman Sachs bankından Riçard Gnoddl bildirib ki, Britaniya banklarının ofislərində işlə bağlı “kiçik” dəyişikliklər “mümkündür”, lakin “bir çoxları bu gün çalışdıqları kimi işləməyə davam edəcəklər”.
Qeyd edək ki, Birləşmiş Krallıq 29 mart tarixində ölkənin Avropa İttifaqının tərkibindən çıxması prosedurunu işə saldı. Bu çıxışın şərtlərinin təyin olunduğu danışıqlar minimum 2 il davam edəcək. Təxminlərə əsasən, Britaniya 2019-cu ilin mart ayında Aİ tərkibindən çıxacaq.