Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Londonun Avropa İttifaqından (Aİ) çıxacağı təqdirdə Böyük Britaniya iqtisadiyyatının zəifləyəcəyi və hətta daha pis vəziyyətə düşəcəyilə bağlı xəbərdarlıq edib.
“Euronews”a istinadən, bu barədə Laqard Britaniya iqtisadiyyatının durumuna dair illik hesabatını təqdim edərkən deyib. Onun sözlərinə görə, “Brexit”dən sonra Britaniya iqtisadiyyatı Aİ-nın üzvü olduğu dövrdəkindən daha yaxşı olmayacaq.
Belə ki, əgər “Brexit” müzakirələrində Aİ ilə müəyyən razılıq əldə olunarsa, 2018 və 2019-cu illərdə Britaniya iqtisadiyyatında 1,5 faiz yüksəliş olacaq. Amma Aİ-dan çıxmazsa, bu inkişaf nisbətən çox – 1,75 faiz təşkil edəcək. “Brexit”lə bağlı ümumiyyətlə razılığa gəlinmədikdə isə, Britaniya iqtisadiyyatı böyük zərər görəcək. Laqarda görə, bu, London üçün ən pis ssenaridir.
“Heç bir razılığın əldə olunmaması Britaniya iqtisadiyyatında daralmalara səbəb olacaq. Aİ-dan daha dağıdıcı ayrılma isə daha çox mənfi nəticələrə yol açacaq. Bu məsələdə açıq danışmaq istəyirəm. Bu günün hamar vahid bazarı ilə müqayisədə, Aİ üzvlüyündən çıxışla bağlı istənilən ssenari Britaniyaya iqtisadi itkilər gətirəcək. Çünki Aİ ilə yeni münasibətlərdəki ticarət maneələri nə qədər geniş olsa, xərclər də bir o qədər çoxalacaq.” – deyə, BVF sədri vurğulayıb.
Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.
© Azvision