Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında “Brexit” danışıqları davam edəcək, lakin razılığın əldə ediləcəyi hələ dəqiq deyil.
Bu barədə “Reuters” Britaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
“Tərəflər arasında böyük fikir ayrılıqları mövcuddur. Danışıqların taleyi ilə bağlı son qərar 13 dekabr tarixində qəbul edilə bilər”-deyə, məlumatda qeyd olunub.
Xatırladaq ki, Avropa İttifaqı ilə Böyük Britaniya hökuməti arasında “Brexit” sonrası ticarət sazişi imzalamaq üçün aylardır davam edən danışıqlar ilin sonunadək nəticə verməsə, yanvarın 1-dən etibarən ticarət əlaqələri yeni qaydalara keçəcək ki, nəticədə hər iki tərəfin iqtisadiyyatı problemlərlə üzləşə bilər.
Bəzi ekspertlərin qənaətincə tərəflər son nəticədə irimiqyaslı ticarət sazişi yox, məhdud razılaşma imzalayacaqlar.