Brexit qərarı ilə bağlı Britaniya bazarlarında iki gün ərzində hökm sürən təlatümün ardınca səhmlərin və milli valyutanın dəyəri bir qədər artıb.
Banker.az BBC-yə istinadən xəbər verir ki, çərşənbə axşamı günü keçirilən ticarət sessiyasının əvvəlində aparıcı FTSE 100 indeksi 2.4 faiz bahalaşıb. FTSE 250 indeksinin qiymətinə isə 2.9 faiz dəyər əlavə olunub.
Son iki gündə FTSE 100 5.6 – FTSE 250 isə 13.7 faiz ucuzlaşmışdı.
Səhmlərlə yanaşı Britaniya funtunun qiyməti də 0.8 faiz artaraq 1.3328 dollara bərabərləşib.
Cümə günü, Aİ referendumunun nəticələrinin elanından əvvəl, funtun məzənnəsi artaraq 1.50 dollara çatmışdı.
Lakin artıq bazar ertəsi funtun dəyəri son 31 ilin ən aşağı həddinə düşmüşdü.
Funtun qiymətinin artması maliyyə bazarlarına təzyiqin azalmasının əlaməti kimi dəyərləndirilir.