26 C
Baku
Saturday, July 27, 2024

BRICS-i yeni şüarla gücləndirmək istəyirlər

Rusiya Ukraynada işğalçı müharibəni davam etdirməklə yanaşı Yaxın Şərqdəki proseslərə də təsir etməyə çalışır. Ancaq Rusiya Yaxın Şərqdə təkbaşına fəallaşa bilməyəcəyini anladığından bu məsələdə də strateji tərəfdaşı Çinə ümid edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl çinli həmkarı Van İyə zəng edib. Nazirlər iki əsas mövzunu müzakirə ediblər. Birinci mövzu BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının beynəlxalq aləmdə gücləndirilməsi olub. Moskva və Pekin bu təşkilatın qapılarını bir çox dövlət üçün açıb, quruma yeni üzvlər qəbul olunub. Moskva və Pekin bu yolla həm tərəfdaşlarının sayını artırmağı, həm də ABŞ-ı müxtəlif bölgələrdə sıxışdırmağı hədəfləyiblər. BRICS təşkilatında sədrlik Rusiyaya keçib. Bu ilin oktyabr ayında Kazan şəhərində BRICS təşkilatının sammiti keçiriləcək. Rusiya bu sammiti “qlobal təhlükəsizlik və inkişaf” şüarı altında keçirmək istəyir. Pekin bu şüarı bəyənib. Buna baxmayaraq, digər BRICS üzvləri, o cümlədən Hindistan, Braziliya, Cənubi Afrika Respublikası və ya quruma yeni üzv Səudiyyə Ərəbistanı Moskva və Pekinin anti-Qərb siyasətini dəstəkləmirlər.

Nazirlərin müzakirə etdiyi ikinci mövzu İsrailin Qəzzadakı hərbi əməliyyatı olub. Moskva və Pekin İsrailin Qəzzadakı hücum əməliyyatın dayandırlmasının vacib olduğu qənaətindədirlər. Moskva və Pekin bu məsələdə öz aralarında koordinasiyanı gücləndirməyi qərara alıblar.

“Hər iki ölkə bölgədə Fələstin dövlətinin yaradılmasını vacib bilirlər”- deyən Atlas araşdırmaları mərkəzinin rəhbəri Elxan Şahinoğlu “bunu elə Moskva ilə Pekinin rəqibi Vaşinqton da” istədiyini əlavə edir.

“Misal üçün ABŞ dövlət katibi Entoni Blinken İsrailə son səfəri zamanı Fələstin dövlətinin tanınması vacibliyini israilli rəsmilərə də izah edib. Blinken bu olmadan İsrailin problemlərinin həll olunmayacağı qənaətindədir”.

Buna baxmayaraq, Vaşinqton Moskva və Pekinin BMT-də İsrail əleyhinə qətnamə qəbuluna imkan vermir. Sergey Lavrov və Van İ telefon danışığında bir daha Qərb blokunun Rusiya və Çinə qarşı siyasətini tənqid ediblər.

Bu arada, ABŞ və Avropa İttifaqının sərt sanksiyaları fonunda Çinin Rusiya iqtisadiyyatında payı artıb. İki ölkə arasında ticarət əməkdaşlığının həcmi 230 milyard dollara çatıb. Rusiya Çinlə Avrasiya İqtisadi Birliyi çərçivəsində də əməkdaşlığı genişləndirməyi planlaşdırıb. Bu durum Rusiyanın Çindən asılılığını artırıb.

Son xəbərlər
Digər xəbərlər