Böyük Britaniyanın ən iri banklarının rəhbərləri Amerika şirkətləri olan “Visa” və “Mastercard”a alternativ kimi milli ödəniş sisteminin yaradılmasına həsr olunmuş ilk görüş keçirəcəklər. “The Guardian” qəzetinin yazdığına görə, təşəbbüs ABŞ prezidenti Donald Trampın ödəniş sistemləri üzərində nəzarəti təzyiq aləti kimi istifadə edə biləcəyi ilə bağlı narahatlıqlardan irəli gəlir.
Fevralın 19-da keçiriləcək görüşə “Barclays”in Böyük Britaniya bölməsinin rəhbəri Vim Maru sədrlik edəcək. İştirakçılar iqtisadiyyatın mümkün fasilələr zamanı fəaliyyətini təmin etmək üçün nəzərdə tutulan yeni ödəniş şirkətinin maliyyələşdirilməsini müzakirə edəcəklər. Ödəniş Sistemləri Tənzimləyicisinin (PSR) məlumatına görə, Böyük Britaniyada kart əməliyyatlarının təxminən 95%-i “Visa” və “Mastercard” sistemləri vasitəsilə həyata keçirilir, eyni zamanda nağd puldan istifadə azalmağa davam edir.
Layihə ilə tanış olan mənbələrdən biri xəbərdarlıq edib: “Əgər Visa və Mastercard dayandırılsa, bu bizi 1950-ci illərə qaytarar”, çünki həmin dövrdə biznes tamamilə nağd pula əsaslanırdı. “Əlbəttə ki, bizə suveren ödəniş sistemi lazımdır”, — deyə o əlavə edib.
Oxşar müzakirələr Avropa İttifaqında da aparılır. Avropa Parlamentinin iqtisadi məsələlər komitəsinin rəhbəri Oror Lalyuk bildirib: “Visa, Mastercard… Əsas problem bizim ödəniş sistemimizdir. Tramp hər şeyi söndürə bilər”. O, “ödəniş sistemləri üçün Avropa Airbus-u”nun yaradılmasına çağırıb. Amerika ödəniş sistemlərinə Avropa alternativinin yaradılmasının “təcili zərurət” olduğunu Avropa Bankçılıq Assosiasiyasının “European Payments Initiative” təşkilatının direktoru Martina Vaymert də vurğulayıb.







