Britaniya bankları dövlət poçt operatoru olan Post Office ilə əməkdaşlıq etməyə başlayıb.
Banker.az xəbər verir ki, müştərilərə keyfiyyətli xidmət təqdim etmək üçün maliyyə təşkilatları öz öhdəliklərini bütün ölkə boyu 11 mindən çox poçt şöbəsində həvalə etməyə hazırdır.
Müştərilərə xidmət edəcək məntəqələrin miqyasının genişləndirilməsi bank sahəsində həyata keçirilmiş bir sıra ixtisarlar ilə əlaqədardır. Birləşmiş Krallığın Lloyds-dan tutmuş HSBC-ə kimi aparıcı bankları 2015-2016-cı illər ərzində əməkdaşlarını ixtisar edib və bütün ölkə ərazisində filiallarını bağlayıb. Son iki il ərzində təqribən 1000-ə qədər filial bağlanıb. Bu səbəbdən də, indi, əməkdaş ilə şəxsi ünsiyyətə vərdiş etmiş müştərilərə xidmət etmək üçün poçtun köməyindən istifadə ediləcək.
Bu kanal vasitəsilə Britaniya banklarının 99% fiziki şəxs və 75% korporativ müştərilərə xidmət etmək mümkün olacaq. Ümumilikdə isə, britaniyalılar poçtda nağd pullar və yaxud çeklər ilə əməliyyatlar həyata keçirə biləcək.