Britaniya hökuməti 16–17 yaşlı yeniyetmələr üçün sosial şəbəkələrdə “komendant saatı” tətbiq edir

Böyük Britaniya hökuməti 16–17 yaşlı yeniyetmələr üçün sosial şəbəkələrdə gecə vaxtı istifadə məhdudiyyəti tətbiq etməyi planlaşdırır. BBC xəbər verir ki, standart olaraq TikTok, YouTube və bəzi digər tətbiqlər gecə saat 00:00-dan 06:00-dək bu yaş qrupundakı istifadəçilər üçün əlçatmaz olacaq.

Hökumət həmçinin videoların avtomatik oynadılması və sonsuz xəbər lenti kimi “asılılıq yaradan” funksiyaları da məhdudlaşdırmağı nəzərdə tutur.

Bununla yanaşı, yeniyetmələr bu məhdudiyyətləri tətbiqlərin ayarlar bölməsində özləri deaktiv edə biləcəklər. Nəşrin məlumatına görə, yeni qaydaların 2027-ci ilin yazında, 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə qadağa ilə eyni vaxtda qüvvəyə minməsi planlaşdırılır.

Britaniya hökuməti bildirir ki, keçirdiyi eksperiment zamanı gecə “komendant saatı” yeniyetmələrin yuxu keyfiyyətini, diqqətini və ümumi rifahını yaxşılaşdırıb. Böyük Britaniyanın texnologiyalar naziri Liz Kendallın sözlərinə görə, bu tədbir yeniyetmələrin ailələri və dostları ilə daha keyfiyyətli vaxt keçirməsinə də imkan verəcək.

2025-ci ilin dekabrından Avstraliyada qüvvədə olan qanuna əsasən, iri sosial şəbəkələr 16 yaşdan kiçik istifadəçilərin platformalara girişini bloklamağa borcludur. Oxşar məhdudiyyətlər 2026-cı il iyunun 1-dən Malayziyada, iyulun 1-dən isə Azərbaycanda qüvvəyə minib.

Bu cür tədbirlərin tətbiqi Avropa İttifaqı, Kanada, BƏƏ və İndoneziyada da müzakirə olunur. Reuters agentliyi 2026-cı ilin iyulunda yazıb ki, Avstraliyada tətbiq olunan məhdudiyyətlər gözlənilən effekti verməyib, çünki platformalar ya istifadəçilərin yaşını demək olar ki, yoxlamır, ya da yeniyetmələrin asanlıqla keçə bildiyi formal yoxlama üsullarından istifadə edirlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər