Böyük Britaniya hökuməti yeni maliyyə planını açıqlayıb.
Maliyyə naziri Ceremi Hant iqtisadiyyata sabitlik gətirmək və son 41 ilin pik nöqtəsində olan inflyasiyanın aşağı salınması üçün hazırlanan maliyyə planını açıqlayıb.
Plan dövlət xərclərinin milyardlarla funt-sterlinq azaldılmasını və vergilərin artırılmasını nəzərdə tutur.
Nazir İcmalar Palatasında maliyyə planını açıqlayarkən ölkənin tənəzzüldə olduğunu da etiraf edib.
C.Hant enerji qiymətlərinin artması səbəbindən ev təsərrüfatlarına yardımların davam edəcəyini, lakin aprel ayından etibarən onun miqdarının azalacağını bildirib. Enerji şirkətlərindən alınan artıq mənfəət vergisinin dərəcəsi 25 faizdən 35 faizə qaldırılacaq.
Sosial müavinətlər və pensiyalar da inflyasiya tempi ilə artacaq.
23 yaşdan yuxarı işçilər üçün saatlıq minimum əmək haqqı 9.50 funt-sterlinqdən 10.42 funt-sterlinqə qaldırılacaq.
Nazir müdafiə xərclərinin milli gəlirin 2 faizi səviyyəsində olacağını və Sayzvell C- atom elektrik stansiyası layihəsinin isə davam edəcəyini bildirib.
Qeyd edək ki, Böyük Britaniyada illik inflyasiya 11.1 faizə yüksəlib. Hökumət inflyasiyanın bu il 9.1 faizə, gələn il isə 7.4 faizə düşəcəyini gözləyir.