İşləməyən, təhsil almayan və peşə hazırlığı keçməyən gənclər Böyük Britaniyaya ildə təxminən 125 milyard funt sterlinqə başa gəlir.
Bu barədə The Guardian qəzeti xəbər verib.
Qeyd olunub ki, hazırda ölkədə “nə işləyən, nə oxuyan” kateqoriyasına aid təxminən 1 milyon gənc var. Onların bir çoxu 2008-ci il maliyyə böhranı və koronavirus pandemiyası fonunda böyüyüb və hazırda yaşayış xərclərinin artması, dövlət xidmətlərinin azalması və süni intellektin inkişafı ilə əlaqədar əmək bazarındakı dəyişikliklərlə üzləşir.
Bununla yanaşı, Böyük Britaniyanın gənclər xidmətlərinə xərcləri 1,3 milyard funt sterlinq və ya 76 faiz azalıb. Ölkədə minlərlə gənclər klubu bağlanıb, bir çox sosial işçi vəzifələrini tərk edib.
The Guardian qeyd edir ki, hakimiyyət problemlərin qarşısının alınmasına deyil, onların nəticələrinin aradan qaldırılmasına vəsait xərcləməyə üstünlük verir. Belə ki, gənclərin işlə təmin olunmasına yönəldilən hər bir funt sterlinqə müavinətlər üçün 25 funt sterlinq xərc düşür.
Nəşrin fikrincə, hakimiyyət gəncləri yenidən işə və təhsilə qaytara bilməsə, dövlət xərcləri artmaqda davam edəcək.






