“Böyük Britaniya emissiyaların azaldılmasının və eyni zamanda, yüz minlərlə yeni iş yerlərinin yaradılmasının mümkünlüyünü sübut edib”.
Bunu Britaniyanın Baş naziri Boris Conson deyib.
Baş nazir bu gün ölkənin istixana qazı emissiyalarının 1990-cı illə müqayisədə 2030-cu ilədək ən azı 68% azaldılmasını nəzərdə tutan yeni bir ambisiyalı hədəf elan edib.
Onun sözlərinə görə, bu illər ərzində Böyük Britaniya iqlim dəyişikliyi ilə mübarizədə şirkətləri, alimləri, QHT-ləri və yerli icmaları bir yerə toplayaraq, emissiyaları azaltmağın mümkünlüyünü və eyni zamanda, yüz minlərlə yeni iş yerinin yaradıla biləcəyini sübut edib. O həmçinin qeyd edib ki, bu gün Böyük Britaniya 2030-cu ilədək qarşısına yeni ambisiyalı hədəf qoymaqla, digər böyük ölkələrlə müqayisədə emissiyaları ən sürətli şəkildə azaldacaq və yeni qəbul olunmuş “10 Bəndli Plan” da bu siyasəti dəstəkləyəcək.
İqlim dəyişikliyi ilə mübarizənin vacibliyini qəbul edən Böyük Britaniyanın bu yeni hədəfi dünya üzrə ən yüksək göstəricilərdən biri olmaqla, digər böyük iqtisadiyyatlar arasında emissiyaları ən sürətli formada azaltmağı öhdəsinə götürür. Bu yeni hədəf emissiya planları ilə bağlı hökumətə məsləhət verən müstəqil İqlim Dəyişikliyi Komitəsinin mütəxəssislərinin tövsiyələrinə uyğundur.
Yeni açıqlama Böyük Britaniyanın birgə ev sahibliyi etdiyi Paris Sazişinin beşinci ildönümünə təsadüf edən 12 dekabrda keçiriləcək İqlim Ambisiyası Sammiti ərəfəsində verilib. Sammitdə dünya ölkələrinin liderləri bir araya gələrək, gələn il Böyük Britaniyanın Qlazqoda ev sahibliyi edəcəyi BMT-nin COP26 konfransından öncə ambisiyalı iqlim planlarını elan edəcəklər.
Bugünkü hədəf həm də Avropa İttifaqından ayrıldıqdan sonra Böyük Britaniyanın ilk hədəfi olmaqla, onun iqlim dəyişikliyinə qarşı liderliyini nümayiş etdirir. Son on ildə Böyük Britaniya karbon emissiyalarını oxşar inkişaf etmiş ölkələrlə müqayisədə ən çox azaldan ölkə olmuşdur. Eyni zamanda, 2050-ci ilə qədər xalis ifadədə sıfır emissiyaya nail olmağı qanunvericiliyə daxil edən ilk mühüm iqtisadiyyat idi.