“Rusiya Donbasa zərbələrini artırıb”.
Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Rusiyaya mane olan onların üzləşdiyi ekoloji, maddi-texniki və nəqliyyat problemləridir. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin müqaviməti də qarşı tərəfin qarşısını alır. Onların mülki əhalini hədəf alması göstərir ki, Rusiya ordusu hələ də məqsədinə çata bilməyib”, – məlumatda bildirilib.
Qeyd edək ki, Donbasın Kremennaya, Torskoye və Zelenaya Dolina yaşayış məntəqələri ərazilərində Rusiya və Ukrayna qoşunları arasında döyüşlər davam edir. Rusiya hərbçiləri Liman qəsəbəsi istiqamətində növbəti dəfə hücuma keçmək məqsədi ilə yenidən qruplaşır. Onlar həmçinin Popasnaya kəndinin dərinliyinə irəliləmək üçün hücuma keçməyə çalışırlar. Rubejnoye və Severodonetskdə Rusiya hərbçilərinin basqın etmək cəhdlərindən sonra 130-a yaxın yaralı hərbçi Novoaidar şəhərinin yerli xəstəxanasına çatdırılıb. Hazırda bununla bağlı rəqəmlər dəqiqləşdirilir.
Rusiya ordusu Donetsk istiqamətində Maryinka qəsəbəsi ərazisində hücum əməliyyatları keçirib. Onlar əsas səylərini Mariupol şəhərini ələ keçirməyə, Azovstal zavodunun ərazisində hücum əməliyyatlarını davam etdirməyə yönəldir.