11 C
Baku
Sunday, December 8, 2024

Britaniya ordusu 2030-cu ilə qədər hipersəs raketinə sahib ola bilər

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır.

Bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahların tamamilə krallığın alimləri tərəfindən hazırlanmasını və istehsal edilməsini istəyir.

“Bu kimi qabaqcıl layihələr yalnız hökumətin bu həftə müdafiə sahəsində yeniliklərə qoyduğu böyük yeni investisiya sayəsində mümkün ola bilər”, – deyə adı açıqlanmayan müdafiə mənbəsi qəzetə bildirib.

Aprelin 23-də Böyük Britaniyanın baş naziri Rişi Sunak Londonun müdafiə sənayesini hərbi bazaya keçirəcəyini və müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artıracağını açıqlayıb.

Bu, maliyyələşdirmənin 2024-cü ildəki 64,6 milyard funt-sterlinqdən (80,3 milyard dollar) 2028-ci ildə 78,2 milyard funt-sterlinqə, sonra isə 2030-31-ci illərdə 87 milyard funt-sterlinqə qədər yüksələcəyini göstərir.

“Daily Telegraph” bu silahların hazırlanması planlarının hələ ilkin mərhələdə olduğunu bildirib. Məsələn, həll olunmamış sual hipersəs raketlərinin qurudan, havadan və ya dənizdən buraxılmasıdır. Nəşrin mənbələri etiraf ediblər ki, bu, həyata keçirilməsi çətin layihədir, çünki yüksək temperaturlara tab gətirə bilən belə raketlər üçün bəzi materiallar hələ mövcud deyil və onlar sıfırdan hazırlanmalıdır.

Məqalədə qeyd edildiyi kimi, London növbəti 7 il üçün nəzərdə tutulmuş müdafiə konsorsiumunun bir hissəsi kimi hipersəs raketlərinin hazırlanmasına 1 milyard funt sterlinq (1,24 milyard dollar) sərmayə qoymağa hazırdır. Rəsmi olaraq Böyük Britaniya Müdafiə Nazirliyi bu planları şərh etməkdən imtina edib.

Son xəbərlər
Digər xəbərlər