Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın işğalına cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar elan edib.
Conson İcmalar Palatasına müraciətində bildirib ki, Böyük Britaniya Ukraynanı dəstəkləmək üçün əlindən gələni edəcək. Həmçinin Britaniya Ukrayna rəhbərliyinə sığınacaq verməyə hazırdır
“Vladimir Putinin hərəkəti uğursuzluqla başa çatmalıdır”, – Baş nazir əlavə edib.
B.Conson ölkəsinin aşağıdakı tədbirləri görəcəyini açıqlayıb:
– Rusiyanın bütün böyük banklarının, o cümlədən VTB-nin aktivlərinin dərhal dondurulması;
– Gələn həftə bütün rus şirkətlərinə Britaniya bazarlarında vəsait cəlb etməyi qadağan edən qanunun qəbulu;
– Rusiyanın ən böyük müdafiə şirkəti olan “Rostec”in də daxil olduğu fiziki və hüquqi şəxslərə, onların törəmə müəssisələrinə qarşı sanksiyalar;
– Böyük Britaniyada müəyyən təyyarələrin eniş qabiliyyəti məhdudlaşdırılacaq. Rusiyanın “Aeroflot” aviaşirkətinin fəaliyyətinə qadağa qoyulacaq;
– Rusiyaya ixrac lisenziyalarının istifadəsi dərhal dayandırılacaq – məsələn, elektrik avadanlıqları və hərbi yük maşını hissələri üçün;
– Rusiyadan yüksək texnologiyalı məhsulların ixracını qadağan edən qanun qəbul ediləcək;
– Rusiya vətəndaşlarının Böyük Britaniyadakı bank hesablarında saxlaya biləcəyi əmanətlərin məbləği məhdudlaşdırılacaq;
– Britaniya Rusiyanın SWIFT ödəniş sisteminə çıxışını bağlamaq üçün G7 və NATO müttəfiqləri ilə işləyəcək;
– Sanksiyalar Ukraynaya hərbi müdaxiləyə dəstək verən Belarusa da qarşı tətbiq ediləcək;
– Böyük Britaniyada pullarını saxlayan ruslara qarşı iqtisadi cinayətlər barədə qanun layihəsi hazırlanacaq.