10 C
Baku
Thursday, December 12, 2024

Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını azaldıb, misi artırdı – RƏQƏMLƏR

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” 2023-cü ilin ilk yarısında 23 391 unsiya (metal qiymətləri əsasında) metal hasil edib.

Bu barədə Banker.az şirkətin açıqlamasına istinad edir.

Bildirilir ki, şirkət 2022-ci ilin ilk yarısında 28 722 unsiya metal hasil etmişdi və bu da illik 18.6% azalmadır.

Hasil edilmiş metalın 12 422 unsiyası təkcə ilin ikinci rübü (aprel-iyun) ərzində hasil edilib.

Bununla belə, şirkət son açıqlamalarında bildirdiyi kimi, mis hasilatına daha çox güc verib və bu, onun statistikasında da özünü göstərib.

MİS

2023-cü ilin ilk yarısında 1 860 ton həcmində mis hasil edilib. 2022-ci ildə isə şirkətin 1 013 ton mis metalı hasil etdiyini nəzərə alsaq, cari il öncəkindən 42% artım olub. Bunun da 715 tonu ilin ikinci rübündə hasil edilib.

2023-cü ilin ikinci rübündə genişləndirilmiş flotasiya zavodu tərəfindən emal edilmiş filiz 190 593 tona yüksəldi (2022-ci ilin II rübü: 114099 ton).

QIZIL

Qızıl hasilatı 2023-cü ilin birinci yarısında 14 608 unsiya və 2023-cü ilin ikinci rübündə Gədəbəydə qiymətlərin azalması səbəbindən 7 867 unsiya təşkil edib. 2022-ci il üzrə müvafiq olaraq 20 906 unsiya və 10 866 unsiya təşkil etmişdi.

Qeyd edək ki, qızılın birjalarda spot qiyməti bir unsiya üçün 1960 ABŞ dollarıdır.

Gümüş hasilatı 2023-cü ilin birinci yarısında 44 576 unsiya (2022-ci ilin I yarısı: 99 548 unsiya) və 2023-cü ilin ikinci rübü ərzində 22 010 unsiya (2022-ci ilin ikinci rübü: 48 874 unsiya) təşkil edib.

“Anglo Asian” açıqlayır ki, 30 iyun 2023-cü il tarixinə $9.4 milyon (31 mart 2023: 10.7 milyon) nağd pul olub.

“Anglo-Asian Mining” – Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.

Xatırladaq ki, iyunun 20-də Söyüdlü sakinləri “Gədəbəy” yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etiraz ediblər. Prezident İlham Əliyev bununla bağlı baş verənləri “qəbuledilməz” adlandırıb. Prezident iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edib və bildirib ki, ikinci tullantı gölünün qurulması ciddi araşdırılmalıdır.

Son xəbərlər
Digər xəbərlər