Böyük Britaniya, Yaponiya və İtaliya 2030-cu illərdə səmaya buraxılması gözlənilən 6-cı nəsil döyüş təyyarələrinin hazırlanması üçün birgə proqrama başlayır.
Bu barədə Böyük Britaniya Baş nazirinin Ofisi məlumat yayıb.
“Global Combat Air Program” (GCAP) Britaniya, Yaponiya və İtaliya arasında yeni iddialı tərəfdaşlıq nümunəsidir”, məlumatda qeyd olunub.
Bildirilib ki, əməkdaşlığın əsasında ekipajsız təyyarələr, qabaqcıl sensorlar, qabaqcıl silahlar və innovativ məlumat sistemləri kimi imkanlar şəbəkəsi ilə gücləndirilmiş yeni nəsil reaktiv döyüş təyyarələrinin yaradılması dayanır.
Baş nazirin Ofisi bildirib ki, Rişi Sunak əməkdaşlıq proqramının birinci əsas mərhələsinə başlamaq üçün bu gün Böyük Britaniyanın Kral Hava Qüvvələri Bazasına (RAF) gedəcək.
“Proqramın növbəti mərhələsində İtaliya və Yaponiya ilə qüvvələri birləşdirərək, Böyük Britaniya onların təcrübəsindən istifadə edəcək, xərcləri bölüşəcək və RAF-nın ən yaxın tərəfdaşlarımızla birgə işləməsini təmin edəcək”.
GCAP tərəfindən hazırlanmış yeni döyüş təyyarəsinin 2030-cu ilin ikinci yarısından etibarən Britaniya Hava Qüvvələrinin əsas təyyarəsi olan “Typhoon”u əvəz edəcəyi gözlənilir.
Üç ölkə proqramın xərclərinin necə bölüşdürüləcəyi ilə bağlı razılığa gəlməlidir, lakin Böyük Britaniya növbəti üç il ərzində 6-cı nəsil ilk döyüş təyyarəsinin inkişafı üçün artıq 2 milyard funt-sterlinq ayırıb. Proqramın əsas inkişaf mərhələsinin 2025-ci ildə başlaması nəzərdə tutulur.