Böyük Britaniyanın Mühafizəkarlar Partiyası yeni baş nazirin seçilməsi ilə bağlı səsverməni təxirə salıb. Buna səbəb poçtla səsvermə zamanı yarana biləcək haker hücumu riskidir. Səsvermə bir həftədən çox müddətə təxirə salınıb.
Bu addım Britaniya Hökuməti Kommunikasiya Mərkəzinin (BHKM) xəbərdarlığından sonra atılıb. Hökumətin və ölkənin silahlı qüvvələrinin informasiya təhlükəsizliyinə cavabdeh olan BHKM hakerlərin mümkün müdaxiləsi ilə bağlı ehtiyatlı olmağı tövsiyə edib. Bildirilib ki, hakerlər səsverməyə müdaxilə edə və onun nəticələrini dəyişdirə bilərlər.
Bundan əlavə, Britaniyada haker təhlükəsi olduğundan səsvermə proseduru da dəyişdirilib.
Qeyd olunur ki, ilkin plana əsasən, səsvermə prosesində seçimi dəyişmək mümkün idisə, hazırda hər bir partiya üzvünün unikal kodu səsvermədən dərhal sonra ləğv ediləcək.