Kembric Universiteti Böyük Britaniyada 2900 nəfərin iştirak etdiyi dördgünlük iş həftəsi (32 saat) ilə bağlı təcrübənin nəticələrini dərc edib, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Məhsuldarlığı itirməmək üçün şirkətlər korporativ görüşlərin müddətini azaldıblar, fasiləsiz iş prinsipini tətbiq ediblər, elektron poçt vasitəsilə yazışma etiketini dəyişdiriblər və iş gününün sonunda növbəti gün üçün görüləcək işlər siyahıları yaratmağa başlayıblar.
Tədqiqatçılar hər bir işçidən təcrübənin nəticələrini qiymətləndirmək üçün müsahibə alıblar.
İşçilərin təxminən 71%-i “tükənmə” səviyyəsinin daha aşağı olduğunu deyib, 39%-i təcrübədən əvvəlki səviyyə ilə müqayisədə daha az stres keçirdiyini açıqlayıb, 62%-i isə təcrübə müddətində iş və sosial həyatı uzlaşdırmaq daha asan olduğunu vurğulayıb.
Təcrübə nəticəsində, xəstəliyə görə buraxılan iş günlərinin sayı illik müqayisədə 65%, ixtisarlar isə 57% azalıb. Məlumatı təqdim edən 23 şirkətin gəliri orta hesabla 1.4% artıb.
61 şirkətdən 56-sı təcrübəni davam etdirmək qərarını verib və bu şirkətlərdən 18-i isə dördgünlük iş həftəsini davamlı olaraq tətbiq etmək barədə qərar qəbul edib. 3 şirkət isə bu sistemi tətbiq etməkdən imtina edib. Tədqiqatda müxtəlif sənaye sahələrindən olan şirkətlər iştirak edib: onlayn mağazalar, maliyyə xidmətləri təminatçıları, animasiya studiyası, kafelər, konsaltinq, marketinq və s. mütəxəssisləri.
Bundan əvvəl 2015-2019-cu illərdə qısaldılmış iş həftəsi ilə bağlı dünyanın ən böyük təcrübəsi İslandiyada keçirilib: burada müxtəlif sahələrdən 3000-ə yaxın dövlət qulluqçusu iştirak edib. Təcrübənin nəticələri müsbət kimi qəbul edilib: məhsuldarlıq azalmayıb və insanlar özlərini daha xoşbəxt hiss etməyə başlayıblar.