Banker.az TheUk.one nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı britaniyalı Ceyn Parks lotereyadan qalib gəlməsindən o qədər məyusdur ki, hətta lotereyanın təşkilatçı şirkəti olan Camelot-u məhkəməyə vermək haqqında düşünür.
2013-cü ildə Ceynin 17 yaşı var idi və bu zaman 9 Avropa ölkəsində keçirilən “Euromillion” lotereyasının ən gənc qalibinə çevrilir. Gənc qız lotereyanı qazanmadan əvvəl də kifayət qədər təminatlı həyata sahib idi. Edinburqda anası ilə yaşayırdı. Böyük sərvət qazanan Ceyn qarşısına çıxan hər şeyi almağa başlayır. O plastik əməliyyat keçirir, daşınmaz əmlak, 18 000 funt sterlinqə bənövşəyi rəngdə Range Rover, ən bahalı geyimlər, aksessuarlar, saat və balaca it alır. O həmçinin hazırda keçmiş sevgilisi olan gənc oğlana da maşın, Rolex saatı və geyimlər alırdı.
Lakin 4 ildən sonra Ceyn anlayır ki, bu həcmdə uduş məbləği onun həyatını yaxşılaşdırmaq əvəzinə daha da pis edib və o bunun baş verməməsinə üstünlük verərdi.
İndi Ceyn əmindir ki, kifayət qədər gənc yaşında qalib olub və Camelot şirkəti lotereyada iştirak etmək üçün minimum yaş limitini 16 yaşdan 18 yaşa qaldırmalıdır.