Bu ilin sonunadək Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) vasitəsi ilə 1.125 mln. ton Qazaxıstan neftinin nəqli planlaşdırılır.
Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.
“Qazaxıstan Baş nazirinin müavini-ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə ticari-iqtisadi əməkdaşlığımızın inkişafına dair faydalı müzakirələrimiz oldu. BTC ilə ilin sonuna kimi 1.125 mln. ton Qazaxıstan neftinin nəqli planlaşdırılır”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1.5 mln. ton “Tengiz” yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə çərçivəsində həyata keçirilir.
2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.
SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.