10 C
Baku
Tuesday, November 26, 2024

BTC ilə indiyədək 576 mln. ton neft nəql edilib

Bu ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 70,5 milyon dollar, əsaslı xərclərə isə 17,7 milyon dollar vəsait xərclənmişdir.

Bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatında bildirilir.

Beləliklə, cari ilin birinci yarısında BTC üzrə ümumi xərclər 88,2 milyon dollar təşkil edib.

“1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 576 milyon ton (4,3 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5707 tankerə yüklənərək dünya bazarlarına göndərilib”, – hesabatda qeyd olunur.

Sənədə əsasən, ilk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 14 milyon ton (təxminən 110 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 150 tankerə yüklənilib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər