Azərbaycan və Gürcüstanın birgə meqalayihələri uğurlu regional əməkdaşlığın nümunəsidir və Cənubi Qafqazın transformasiyasına xidmət edir.
Bunu Azərbaycanın baş naziri Əli Əsədov Gürcüstan və Azərbaycan arasında İqtiasdi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu İclasının açılışında bildirib.
Onun sözlərinə görə, bu layihələr regionun enerji və nəqliyyat xəritələrini dəyişib.
“Xüsusilə Cənub dəhlizini qeyd etməyə dəyər. Bizim ölkələr bu strateji layihənin həyata keçirilməsində vacib rol oynayır. SOCAR şirkəti Gürcüstan bazarına qaz tədarükünü davam etdirir. Neft sektorunda da əməkdaşlıq uğurlu şəkildə davam etdirilir. Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ötən il 30 milyon tona yaxın neft nəql olunub. Kulevidə yerləşən terminalla və yaxınlıqda yerləşən neft-emalı zavodu ilə əməkdaşlıq məsələsi aktualdır. Artıq müqavilə imzalanıb, və yaxın gələcəkdə xam neftin və neft məhsullarının Kulevi terminalından nəqlinə başlanacaq”, – o bildirib.
Ə.Əsədov həmçinin bildirib ki, Azərbaycan və Gürcüstan birgə şəkildə Avropaya “yaşıl enerji” körpüsü tikməkdədir. “Qara dənizdən sualtı enerji naqilinin çəkilməsi layihəsi Azərbaycanda, Gürcüstanda, Rumıniyada və Macarıstanda həyata keçirilir. Bu layihə Avropanın enerji təhlükəsizliyi baxımından vacib faktordur”, – deyə Əli Əsədov bildirib.