6 C
Baku
Sunday, December 15, 2024

BTQ ilə sərnişin qatarında gediş haqqı mayın sonunda müəyyənləşəcək

Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin qatarında hərəkət cədvəli və gediş haqqı mayın sonunda Ankarada Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolları idarələrinin iclasında müəyyən ediləcək. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan məlumat verib.

“BTQ dəmir yolu xətti ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Stadler” şirkətindən təmin etdiyi 10 ədəd vaqonla sərnişin daşınmasına başlanılacaq. özügedən vaqonların sərnişin tutumu 257 nəfərdir və qatarda 9 sərnişin vaqonu, bir restoran mövcuddur. Qatarın iş prinsipi və proqramının hazırlanması üçün tərəflər mayın 24-25-də Ankarada toplaşacaq. Görüşün yekununda qatarın həftəlik hərəkət günləri və saatları, biletlərin qiymətləri və sair məsələlərin müzakirə edilərək müvafiq qərarların qəbul olunması gözlənilir”, – M.Turhan “Azərtac” dövlət agentliyinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, bununla bağlı daxil olan müraciətlərdən sərnişin sıxlığının çox olacağı proqnozlaşdırılır.

Həmçinin, M.Turhan məlumat verib ki, BTQ ilə bu vaxtadək ümumilikdə 184 min ton yük daşınıb. Bunun 17 min 500 tonu Türkiyə ərazisindən keçərək daşınan yüklərdir.

Xəbər verildiyi kimi, ADY 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır.

Martın 29-da “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. Qatarda doqquz sərnişin vaqonu, bir restoran var. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub.

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Hazırda bu marşrut ilə yüklərin daşınması həyata keçirilir. İlkin mərhələdə BTC ilə 1 mln.-a qədər sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir. Lakin bu dəhliz ilə illik yük daşınmasını 20-22 mln. tona çatdırmağı planlaşdırır. 

Son xəbərlər
Digər xəbərlər