Sumqayıt şəhərində qəzalı vəziyyətdə olan 13 yataqxana binası sökülür.
1950-ci illərdə inşa edilmiş həmin binaların qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyi rəy verib.
Sözügedən yataqxanalar ümumilikdə 7 hektardan artıq sahədə yerləşir. Söküntü işləri Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən həyata keçirilir. Binalarda yaşayan 1300-ə yaxın ailə artıq köçürülmə prosesi ilə bağlı məlumatlandırılıb. Sakinlər müvəqqəti olaraq kirayə mənzillərə yerləşdiriləcək və tikinti başa çatdıqdan sonra mərhələli şəkildə yeni, təmirli mənzillərlə təmin olunacaqlar və ya hər bir ailəyə razılıq əsasında kompensasiya veriləcək.
İş icraçısı Vaqif Əmirovun sözlərinə görə, bütün sənədləşmə işləri yekunlaşdırılıb.
Yataqxana sakinləri ümid edirlər ki, yeni binaların inşasından sonra mənzil problemləri həll olunacaq.
Hazırda ərazidə layihəyə uyğun olaraq işlər davam etdirilir.