Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 3-dən 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, bu yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir. Havanın temperaturu gecə və gündüz 4-6° isti olacaq.
Banker.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat verib. Bildirilib ki, Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün şinləri normalara və mövsümə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edir, həmçinin, bu cür hava şəraitində nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərin avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, həmin sürücülərin sükan arxasına əyləşməmələri tövsiyə olunur.
Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.