-1 C
Baku
Sunday, December 15, 2024

Bu ay idxal olunan benzinin qiyməti aşağı düşəcək

Vüqar Bayramov: “Artıq ucuz qiymətə alınmış ehtiyatlardan istifadə olunduğu üçün qiymət azalmalarının olması qaçılmazdır”

Yusif Vəliyev: “Neftin qiymətinin enməsi stabil hal alarsa, o zaman benzinin qiymətində azalmalar olacaq”

Dünya bazarında neftin qiymətinin 30 faiz ucuzlaşması benzinin də dəyərinə təsir etməyə başlayıb. Artıq beynəlxalq birjalarda yüsək oktanlı yanacağın qiymətində 5-8 faizə yaxın ucuzlaşma müşahidə edilir. Proqnozlar hələ bundan sonra da neftin qiymətinin düşəcəyini göstərir. Belə olan halda benzində də qiymətin enməsi labüd sayılır. Qeyd edək ki, bu ilin iyulunda dünya bazarında etilləşdirilmiş benzinin bir tonunun qiyməti 1003,97 dollar idi. Bu ilin avqustunda benzinin bir tonu 938,29 dollara, sentyabrda 906,31 dollara, oktyabrda 809,25 dollara, noyabr ayında isə 732,33 dollara düşüb. İyuldan bəri benzinin bir tonunun qiyməti 271,64 dollar və ya 27 faiz enib. Kəskin qiymət enməsinə baxmayaraq hazırda Azərbaycanın yanacaq doldurma məntəqələrində “Premium” və benzininin (Avro 95) litri əvvəlki kimi 95 qəpiyə (1,21 dollar) satılır. Hazırda “Premium” benzinin pərakəndə qiymətlərlə bir tonu 1210 dollara təklif edilir.

“Premium” və “Super Avro-98” benzininin dəyərini Azərbaycanda bazar müəyyənləşdirir. Avtomobil benzini kifayət qədər ucuzlaşsa da, Azərbaycana xaricdən gətirilən “Premium” və “Super Avro-98” markalı benzinin qiyməti enmək bilmir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, əslində, iqtisadi baxımdan idxal edilən benzinin qiymətində ucuzlaşma olmalıdır: “Çünki, Azərbaycan benzini Avropa, xüsusidən də Mərkəzi Şərqi Avropa ölkələrindən idxal edir. Artıq Mərkəzi Şərqi Avropa ölkələrində benzinin qiymətində azalmalar müşahidə olunur. Təbii ki, neftin qiyməti düşən anda benzinin qiymətindən ucuzlaşmanın olacağını proqnozlaşdırmırıq. Çünki, benzin istehsal edən zavodların müyyən qədər əvvəl alınmış bahalı nefti olur. Amma artıq baha qiymətə alınmış neft ehtiyatları da tükənib. Hazırda benzin zavodları daha ucuz qiymətə aldığı neftdən istifadə edirlər. Odur ki, iqtisadi baxımdan benzinin qiymətində azalmalar olmalıdır. Söhbət “Aİ-92” markalı benzinin qiymətinin azalmasından getmir. “Aİ-92” markalı benzinin qiymətinin azalması məqsədəuyğun deyil. Çünki, tənzimlənən qiymətlər siyahısına daxil olan benzinlərin qiymətinin dünya bazarında gedən proseslərdən asılı olmayaraq artırılıb-azadılması məqsədəuyğun deyil. Amma idxal edilən benzinin qiymətinin dəyişməsi qaçılmazdır. Enəcəyi proqnozlaşdırılır. Yəni, iqtisadi baxımdan qiymət azalmasının olmaması mümkün deyil”.

Vüqar Bayramov hesab edir ki, artıq bizdə idxal edilən benzində qiymət azalmaları olmalı idi: “Yerli yanadacaqdoldurma məntəqələrinin ehtiyatları da uzun müddəti əhatə etmir. Mövcud ehtiyatları nəzərə almaqla qiymət azalmaları olmalıdır. Hətta baha qiymətə alınmış ehtiyatlar da tükənib. Artıq ucuz qiymətə alınmış ehtiyatlardan istifadə olunduğu üçün qiymət azalmalarının olması qaçılmazdır. Dekabr ayında bu tip qiymət azalmaları müşahidə ediləcək”.

Digər iqtisadçı Yusif Vəliyev isə əks proqnoz verir: “Düşünmürəm ki, idxal edilən benzinin qiymətində enmələr olsun. Çünki, dünya bazarında neftin qiymətinin düşməsi həmin andan etibarən neft məhsullarının qiymətinə təsir etmir. Düzdür, qalxma olan təqdirdə neft məhsullarının da həmin andan qiyməti qalxır. Ancaq düşmədə həmin an təsir olmur. Tək Azərbaycanda yox, dünyada belədir.”

Ekspert əlavə etdi ki, əgər neftin qiymətinin enməsi stabil hal alarsa, o zaman benzinin qiymətində azalmalar olacaq: “Ancaq neftin qiymətində stabil düşmə gözlənilən deyil. Neftin qiymətinin oynaması həmişə nəzərə tutulur. Elə benzinin qiyməti tətbiq olunan zaman da neftin qiymətinin müəyyən qədər enib-qalxması nəzərə alınır”.

Son xəbərlər
Digər xəbərlər