6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

“Bu baş versə, həmsərhəd ölkələrdən Azərbaycana turist axını güclənəcək”

“Başa çatmaqda olan 2021-ci il Azərbaycanın turizm sektoru üçün uğurlu olub”.

Bunu açıqlamasında “Azərbaycan Turizm Assosiasiyası” (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

“Bu il Azərbaycanın bir sıra ölkələrlə hava sərhədləri açıldı və ölkəyə müəyyən qədər turist axını oldu. Yerli turizm obyektləri xarici ölkə vətəndaşları ilə yanaşı, Azərbaycan vətəndaşlarının da axını ilə üzləşdi. Regionlardakı otellər həftə sonları tam dolu, həftə içi isə qismən dolu olurdu”, – deyə o, qeyd edib.

Ə.Qurbanov 2022-ci ilin də turizm sənayesi üçün uğurlu olacağına inanır: “Yeni ildə əlavə ölkələrlə hava sərhədlərinin, həmçinin quru sərhədlərimizin açılacağını gözləyirik. Bu baş versə, həmsərhəd ölkələrdən Azərbaycana turist axını güclənəcək. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bir sıra layihələr reallaşdırılır, beynəlxalq hava limanları inşa olunur. Bu isə o deməkdir ki, xarici turistlər təyyarə ilə Qarabağa gələ biləcəklər.

“Gələn il həmçinin Azərbaycanda “Turizm haqqında” yeni qanunun qəbul ediləcəyi gözlənilir. Sonuncu qanun 1999-cu ildə qəbul edilib. Yeni qanunda bir çox önəmli məqamlar var. Xüsusilə turizm şirkətlərinin və otellərin reyestrinin yaradılması nəzərdə tutulur ki, bu da həmin obyektləri daha şəffaf işləməyə sövq edəcək. Yəni, şirkətlər barədə məlumatları açıq reyestr vasitəsilə görmək mümkün olacaq və bu amil turizm sektorunda canlanmaya səbəb olacaq”, – deyə Ə.Qurbanov əlavə edib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər