16 C
Baku
Thursday, March 28, 2024

“Bu dəyişiklik vergi ödəyiciləri üçün çətin duruma səbəb olacaq”

Vergi Məcəlləsinə təklif edilən bəzi yeniliklər vergi ödəyiciləri üçün haqsız maneə yaradacaq. Banker.az bildiir ki, bu barədə hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev bildirib. Onun sözlərinə görə, söhbət Məcəlləyə yeni 70.2-1.1 –ci maddənin əlavə olunmasından gedir. Hüquqşünas yeni maddənin gətirəcəyi problemin həlli üçün yeni dəyişiklik təklif edir.

Vergi Məcəlləsinə edilməsi gözlənilən dəyişiklik layihəsinə 70.2-1.1 –ci maddənin əlavə olunması gözlənilir. Həmin maddə aşağıdakı kimidir.

“70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır:

70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün;

70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;

70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

70-2.2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir.”;

Qeyd olunan dəyişiklik “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə uyğunlaşdırılmışdır. Lakin dəyişiklik layihəsində həmin maddə ilə birbaşa bağlı olan “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsində göstərilən şərtə dair heç bir bənd qeyd olunmamışdır ki, bu hal vergi orqanlarının mənafeyinə uyğun olmaqla vergi ödəyicisi inzibati aktı rəsmi almadığı(gec aldığı) və inzibati aktın varlığından layihədə nəzərdə tutulan qaydada çatdırılmış hesab olunmasından 3 ay müddətin keçdiyi vaxtdan sonra məlumatlı olması halında vergi ödəyicisinə hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəməyə müraciət zamanı müddətin tətbiqi məsələlərində haqsız maneələr yaradacaqdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə görə “Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda( layihədə 72.2-1.2 və 72.2-1.3-cü maddədə nəzərdə tutulan hallar) maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “

Göründüyü kimi, qeyd olunan natamam dəyişiklik gələcəkdə vergi orqanlarını bu vəzifədən azad etməklə vergi ödəyiciləri üçün çətin duruma səbəb olur.

Qeyd olunanları sadə misalla göstərək. 01.06.2018-ci il tarixdə fəaliyyətini dayandırmış A MMC-yə vergi orqanı 2018-ci ilin 1-ci rübü üzrə kameral qaydada vergi hesablamış və elektron qaydada inzibati aktı göndərmişdir. Hesab edək ki kağız formatında da hüquqi ünvana göndərilmişdir. Bu halda vergi ödəyicisi fəaliyyəti olmadığı üçün elektron kabinetə daxil olmamış və gələn inzibati aktı oxunmamışdır(bu hal vergi orqanındakı modul vasitəsilə də təsdiq edilir). Eyni zamanda hüquqi ünvana göndərilən məktub poçt işçisinin səhlənkarlığına görə çatdırılmamış və itmişdir. Vergi ödəyicisi isə yalnız 4 aydan sonra vergi borcu ilə əlaqədar zəng edən vergi əməkdaşı ilə danışan zaman bu barədə məlumatlı olmuşdur. Bu halda yeni layihədəki dəyişikliyə istinad edəcək vergi orqanı inzibati aktdan şikayət etmə müddətinin ötürüldüyünə istinad etməkdə haqlı olacaqdır. Lakin göründüyü kimi bu hal vergi ödəyicisinin iradəsindən asılı olmayaraq baş verdiyi üçün dəyişiklikdəki natamamlıq aradan qaldırılmalıdır.

Qeyd olunanları nəzərə alaraq aşağıdakı məzmunda 70.2-3-cü maddənin əlavə olunmasını zəruri hesab edirik:

“ 70.2-3. Bu Məcəllənin “70.2-1.2 və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Vergi ödəyicisi inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi vergi orqanının üzərinə düşür. “

Son xəbərlər
Digər xəbərlər