Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqləri davam etdirir.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, uyğunsuzluq aşkar edilmiş partiyaya aid olan 2101 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması təmin edilib və məhsullar qanunvericiliyə uyğun məhv ediləcək. Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.
Xatırladaq ki, 4 istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb. Həmçinin Agentliyin apardığı növbəti monitorinq çərçivəsində götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha 2 dondurma məhsulunda təhlükəli hesab olunan “Enterobacteriaceae” bakteriyası aşkarlanıb.
Aşkar olunmuş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim edilib. Eyni zamanda uyğunsuzluq aşkar edilmiş dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə xəbərdarlıq edilib.
Uyğunsuzluq aşkarlanan növbəti dondurma məhsulu partiyaları aşağıdakılardır:
№ | Məhsulun adı | İstehsalçı | İstehsal və son istifadə tarixi | Aşkar edilmiş uyğunsuzluq |
1. | “Saturn” əmtəə nişanlı karamelli və araxisli dondurma | “Rich S.A” MMC | 30.01.2024 – 30.03.2025 | Enterobacteriaceae bakteriyası |
2. | “Vineto” əmtəə nişanlı qozlu dondurma | Fiziki şəxs Yusubova Sərngül Kərəm qızı | 22.04.2024 – 22.02.2025 | Enterobacteriaceae bakteriyası |
Qeyd edək ki, bu sahədə monitorinqlər davam etdirilir və yeni nəticələr barədə məlumat veriləcəkdir.