28 C
Baku
Saturday, July 27, 2024

Bu günə qədər 500 min pensiya, müavinət, təqaüd təyinatı proaktiv qaydada aparılıb

Bu ilin yanvar ayının 1-nə olan məlumata əsasən 71 min pensiya, 429 mini müavinət, təqaüd təyinatı olan 500 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi, bu əsasda əhaliyə çevik və şəffaf xidmətlərin göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarının uğuru icrası üçün son beş ildə ardıcıl olaraq elektronlaşma proqramı həyata keçirilir və qısa müddətdə mühüm nəticələr əldə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 153 xidmətindən artıq 140-dan çoxu elektronlaşdırılıb. Yəni nazirlik üzrə elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir.

Sosial sahədə mühüm innovativ uğurlardan biri kimi, 2019-cu ilin əvvəlindən pensiyaların, sonralar müavinət və təqaüdlərin elektron sistem üzərindən proaktiv təyinat mexanizmlərinin tətbiqinə başlanıb.

Bundan başqa, pensiya sahəsində aparılan uğurlu sosial islahatlar pensiyaların orta aylıq məbləğində də artımı şərtləndirir. Yeni sosial islahat paketi üzrə bu ilin əvvəlindən yeni artımdan sonra pensiyaların orta aylıq məbləği növbəti dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 456 manata çatıb. Bu da orta aylıq pensiyada 2022-ci ilə nisbətən 14 faiz, beş il əvvələ, 2018-ci ilin əvvəlinə (208 manat) nisbətən isə 2 dəfə artım baş verdiyini göstərir.

Azərbaycan bu gün həm minimum, həm də orta aylıq pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yerdə qərarlaşıb. Minimum, həm də orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdədir.

Pensiya islahatları pensiya üzrə ödənişlərə ayrılan vəsaitin də ildən-ilə ciddi şəkildə artmasına imkan verib və son bir ildə bu ödənişlərdə 1 milyard manatadək, son beş ildə isə 2.4 milyard manat artım özünü göstərib ki, bu da pensiyaçıların rifahına göstərilən dövlət dəstəyinin daha bir ifadəsidir.

Pensiya sistemində son 5 ildə aparılan islahatlarla pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsində ciddi irəliləyişlər təmin edilərək, həmçinin pensiya təminatının əhatə dairəsinin genişləndirilməsi, bu sistemə əlçatanlığın artırılması istiqamətində də addımlar atılaraq bu sistemdə bir sıra humanist yanaşmalar tətbiq olunub. Belə ki, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik 25 il sığorta stajı (pensiya hüququ qazanmaq üçün minimum staj tələbi 25 ildir) hədiyyə edilərək pensiyası hüququ verilir. 2022-ci ilin dekabr ayında dövlət başçısının təsdiq etdiyi qanun həmin 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin daha 3 il uzadılmasını nəzərdə tutur;

2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı azaldılaraq pensiya yaşı ilə eyniləşdirilib. Dövlət başçısının 2022-ci ilin iyun ayında təsdiq etdiyi qanunla “Əmək pensiyaları haqqında” qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib.

2023-cü ildən artıq pensiya artımında vahid indeksasiya metoduna keçilib ki, bu da bütün növ pensiyalarda hər il indeksasiya əsaslı artıma imkan verir. 2022-ci ilin dekabr ayında Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin ziyahısına yeni 59 vəzifə və peşə əlavə edilib ki, həmin sahələrdə çalışan şəxslərə də 5 il erkən pensiyaya çıxmaq hüququ verilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər