13 C
Baku
Saturday, November 23, 2024

Bu gün AŞPA-nın payız sessiyası başlayır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) builki payız və yekun sessiyası sentyabrın 27-dən 30-dək Strasburqda keçiriləcək.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, diqqət mərkəzində iqlim dəyişikliyi olacaq.

Sessiya çərçivəsində “Ətraf mühit və insan hüquqları: sağlam, təhlükəsiz və davamlı ətraf mühit hüququ” adlı yüksəksəviyyəli panel və interaktiv debatlar təşkil olunacaq. Hələ təsdiqlənməyən gündəm layihəsinə görə, çərşənbə günü iqlim dəyişikliyi və əlaqədar proseslərin nəticələri mövzusunda yeddi müzakirə keçiriləcək.

Sessiyanın gündəliyinin təsdiqlənməsi zamanı təcili və davam edən müzakirələr üçün müraciətlər barədə qərar veriləcək, bu günə qədər onlardan yalnız beşi var. Təcili debatların təşəbbüskarları Əfqanıstandakı vəziyyəti, Latviya, Litva və Polşanın Belarusla sərhədlərində miqrasiya axınının artmasını və Avropa Şurasının Kibercinayətkarlıq Konvensiyasına yeni protokol layihəsinin əlavə edilməsinin müzakirəsini təklif ediblər. AŞPA-nın nizamnaməsinə görə, bir sessiya ərzində ən çox iki dəfə təcili müzakirələr aparıla biləcəyini nəzərə alsaq, mövzulardan biri rədd ediləcək.

Sessiyanın birinci günü Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri ilə bağlı hesabat, eləcə də sosial hüquqların gücləndirilməsi ilə sosial etimadın bərpası müzakirə ediləcək mövzular sırasında yer alacaq. Hesabatı Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan hazırlayıb.

Sessiya çərçivəsində Avropa Şurasının prezidenti Şarl Mişelin, Avropa Sağlamlıq və Qida Təhlükəsizliyi Komissarı Stella Kiryakidesin, Şimali Makedoniyanın Baş nazirinin Avropa işləri üzrə müavini Nikola Dimitrovun və Macarıstanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin xarici işlər naziri Peter Siyartonun çıxışı gözlənilir.

Payız sessiyasında Parlament Assambleyasının sıralarında gender təmsilçiliyi, eləcə də Assambleya üzvlərinin parlament toxunulmazlığının əhatə dairəsi ilə bağlı təlimatlar da debatlarda yer alacaq.

Qeyd edək ki, AŞPA-nın payız sessiyası hibrid formatda keçiriləcək. Bəzi millət vəkilləri debatlarda video bağlantı vasitəsi ilə iştirak edəcəklər.

Azərbaycanın Milli Məclisinin deputatları da AŞPA-nın payız sessiyasında iştirak edəcəklər. Nümayəndə heyətinin tərkibinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və üzvləri – deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Rafael Hüseynov, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər