Bu gün Braziliyada ölkənin növbəti dörd il üçün gələcək prezidentini müəyyən edəcək seçkilərin ikinci turu keçiriləcək.
Seçki məntəqələri əsasən yerli vaxtla saat 8:00-dan (Bakı vaxtı ilə saat 15:00) saat 17:00-a qədər açıq olacaq, ölkənin bir sıra şəhərlərində məntəqələrin iş saatları bir qədər fərqlidir.
İkinci turda braziliyalılar namizədlərdən hansının – hazırkı dövlət başçısı Jair Bolsonaru və ya müxalifətin namizədi Luis İnasiu Lula da Silvanın vəzifəyə seçiləcəyinə qərar verməli olacaqlar, çünki birinci turda namizədlərdən heç biri 50+1 faizlik səs baryerini aşa bilməyib. Bolsonaro sağ təmayüllü, Lula da Silva sol təmayüllü qüvvələri təmsil edir.
Oktyabrın 2-də keçirilən birinci turun nəticələrinə görə, braziliyalılar səslərin 43,2 faizini ölkənin hazırkı Prezidenti Bolsonaruya, 48,4 faizini isə 2000-ci illərin əvvəllərində və ortalarında uğurlu sosial-iqtisadi islahatlarla yaddaşlarda qalan sabiq prezidenti Lula da Silvaya verib.
Lula da Silva ikinci turdan əvvəl deyib ki, əgər seçkilərdə qalib gələ bilsə, 2026-cı ildə keçiriləcək növbəti səsvermədə yenidən seçilməyə cəhd etməyəcək.