26 C
Baku
Bazar ertəsi, May 23, 2022

“Bu gün bütün dövlətlər, o cümlədən, Azərbaycan son illərin ən böyük qiymət artımı ilə üz-üzədir”

“İqtisadi sahədə əldə olunmuş nəticələrə rəğmən, bu gün iqtisadiyyatımız üçün mürəkkəb çağırışlar mövcuddur”.

Banker.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda Vergi Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, pandemiyanın təsiri nəticəsində qlobal dəyər və istehsal-logistika zəncirində baş vermiş “sınmalar” və müşahidə olunan “təklif” şokları dünyada ərzağın bahalaşmasına gətirib çıxarıb. İnflyasiyanın yüksəlməsi əsas etibarı ilə dünyada ərzaq qiymətlərinin qalxması ilə bağlıdır: “Bu gün bütün dövlətlər, o cümlədən, Azərbaycan son illərin ən böyük qiymət artımı prosesi ilə üz-üzədir. Təəssüf ki, qiymətlərin yüksəlməsinə səbəb olan iqtisadi proseslərin dinamikası hələ ki səngimir”.

M.Cabbarov qeyd edib ki, hökumət qiymət dəyişikliklərinin qarşısını almaq üçün indiyədək bir çox dəstəkləyici mexanizmlərdən istifadə edib. Bu, ərzaq məhsullarının idxalının vergi və rüsumlardan, quş və heyvan əti satışının, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının, aqrotexniki xidmətlərin vergidən azad edilməsi, un istehsalçılarına subsidiya verilməsi, güzəştli kreditləşmə imkanlarının genişləndirilməsi və s. kimi tədbirlərdir: “Bir neçə gün öncə Azərbaycan hökuməti antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərə dair qərar qəbul edib. Bu tədbirlər dövlətin əlində olan mümkün iqtisadi tənzimlənmə vasitələrindən istifadə etməklə qiymətartırıcı amilləri sabitləşdirmək, aşağı və idarəolunan inflyasiya dəhlizinə qayıdılmasına nail olmaq məqsədi daşıyır. Nəzərdə tutulan addımlar inflyasiyanın cilovlanması, istehsalçıların və idxalçıların mənafelərin, vətəndaşların sosial rifahının qorunması, bazarda yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək”.

Son xəbərlər
Oxşar xəbərlər