13 C
Baku
Saturday, November 23, 2024

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacib məsələlərdən biri olan aqrar sığorta sistemi, Aqrar Sığorta Fondunun fəaliyyəti, fermerlərin aqrar sığorta risklərinin idarə edilməsi, sığorta qanunvericiliyi, tənzimləmə və nəzarət, aqrar sığorta sxeminin konseptual əsaslarının (modelin) təkmilləşdirilməsi məsələsi yer alıb.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasında Qarabağ Dirçəliş Fondunun rolu, Fondun inkişafının və dayanıqlığının artırılması məqsədilə vəsaitlərdən səmərəli istifadə, investisiyaların idarə olunması və investisiya gəlirlərinin artırılması müzakirə edilib.

Eyni zamanda əmək bazarının inkişafı üzrə mövcud vəziyyət, məşğulluq sahəsində əsas islahatlar, rəqəmsallaşma və çağırışlar, əmək bazarında demoqrafik meyllər, qeyri-formal məşğulluğun aradan qaldırılması və digər cari məsələlər nəzərdən keçirilib.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin məruzələri dinlənilib. İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov da aqrar sığorta sistemi ilə bağlı çıxış edib.

Təqdim olunan məsələlərə dair Şura üzvləri geniş müzakirələr aparıb.

İclasın yekununda Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər